Daşkənd və Səmərqənddə “Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri” keçiriləcək.....

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə mayın 30-dan iyunun 3-dək Daşkənd və Səmərqənd şəhərlərində “Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri” keçiriləcək.

<Daşkənd və Səmərqənddə “Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri” keçiriləcək.....

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli" elan olunması, dahi şairin 880 illiyi, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük söz ustadı “Əlişir Nəvainin 580 illiyinin geniş qeyd olunması haqqında” Sərəncamı ilə əlaqədar Mədəniyyət Mərkəzi il ərzində Özbəkistanda silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.

Tədbirlərə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, Özbəkistan Yazıçılar Birliyi, Azərbaycanın bu ölkədəki səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Səmərqənd Vilayət Hakimiyyəti, Özbəkistan Dövlət Filarmoniyası dəstək göstərir.

AZƏRTAC xəbər verir ki, mayın 30-da Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyində azərbaycanlı türkoloq, professor Ramiz Əskərin dilimizə tərcümə etdiyi böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə” əsərinin təqdimat mərasimi keçiriləcək.

Mayın 31-də Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində "Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı - Türk dünyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir" mövzusunda beynəlxalq konfrans işə başlayacaq. Konfransda Azərbaycan və Türkiyədən nizamişünas alimlərin də iştirakı nəzərdə tutulub.

İyunun 1-də Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi və Əlişir Nəvai əsərləri miniatürlərdə” adlı sərginin açılışı olacaq, habelə dahi Nizami Gəncəvinin özbək dilinə ilk dəfə tərcümə olunan “Xəmsə” əsərinin təqdimatı nəzərdə tutulub.

İyunun 2-də Səmərqənd şəhərindəki Həmid Əlimcan adına Dövlət Musiqili Dram Teatrının qarşısında açıq havada "Nizami Gəncəvi və Əlişir Nəvai – dostluğumuzun və ədəbi əlaqələrimizin zirvəsi" adlı dostluq konserti keçiriləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri dahi Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək. Konsert proqramında Özbəkistanın tanınmış solistləri, Xalq artistləri Avaz Racabov, Ramiz Usmanov və beynəlxalq müsabiqələr laureatı, “Nixol” Dövlət mükafatçısı Gülnara Adjanova dahi Nizami Gəncəvinin və Əlişir Nəvainin əsərlərini ifa edəcəklər.

Keçirilən tədbirlər çərçivəsində Səmərqənd Dövlət Universitetində AMM-in təşəbbüsü ilə hazırlanan və Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan “Oltin koprik: Qızıl körpü” sənədli filminin nümayişi nəzərdə tutulub.

"Nizami Gəncəvi və Əlişir Nəvai ədəbiyyat və sənət günləri" çərçivəsində Özbəkistanın aparıcı kitabxanalarına Nizami Gəncəvinin özbək dilinə tərcümə edilən “Xəmsə”si, habelə şairin yaradıcılığına dair kitablar hədiyyə olunacaq.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd