COVID-19 ilə mübarizənin 400 günü: düzgün qərarlar, effektiv nəticələr, qlobal təşəbbüslər.....

Bir ildən artıqdır ki, dünyanın başı üzərində koronavirus kabusu dolaşmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-un yayılmasının pandemiya elan etməsindən ötən təxminən 400 gündə dünya gözəgörünməz düşmənlə “ölüm–dirim” savaşı aparıb və aparmaqdadır. Ciddi və sərt təcrid tədbirləri görülüb, sərhədlər uzun müddət bağlı qalıb. Məktəblərdə dərslər dayandırılıb. Bütün kütləvi tədbirlər ləğv edilib. Bununla belə, virus öz işini görür. Yoluxma və ölüm halları gah yavaşıyır, gah da sürətlə artır.

<COVID-19 ilə mübarizənin 400 günü: düzgün qərarlar, effektiv nəticələr, qlobal təşəbbüslər.....

Təbii ki, bu qorxulu virus dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyib. Ancaq qabaqlayıcı tədbirlərin vaxtında görülməsi, ilk növbədə, əhalinin sağlamlığının daim dövlət başçısının diqqət mərkəzində saxlanılması virusun mənfi təsirlərinin minimuma endirilməsinə şərait yaratdı. Qonşularımızla, eləcə də dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisədə effektiv nəticələrə nail olundu. Pandemiyanın başlanğıcından ötən dövrdə vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. COVID-19 ilə mübarizədə keçən 400 gün düzgün qərarlar, effektiv nəticələr və qlobal təşəbbüslərlə səciyyəvidir.AZƏRTAC Azərbaycanın koronavirusla apardığı birillik mübarizə təcrübəsinə, Prezident İlham Əliyevin bu sahədə qlobal təşəbbüslərinin əhəmiyyətinə və dünyada doğurduğu əks-sədaya nəzər salır.

Görünməz düşmənlə savaş

Ötən bir il göstərdi ki, COVID-19 pandemiyası dünya müharibələri qədər təhlükəlidir. Geriyə qayıdıb baş verənlərə ötəri nəzər salaq. 2019-cu il dekabrın 31-də Çinin Uxan şəhərində yeni koronavirusun törətdiyi xəstəlik barədə ilk informasiya yayıldı. Lakin bəşəriyyət qarşıda onu nələr gözlədiyindən xəbərsiz idi. Dünya sanki necə qloballaşdığını unutdu və bu, ona çox baha başa gəldi. Bu gün söhbət artıq 140 milyondan çox yoluxmadan və 3 milyondan artıq ölüm faktından gedir.

Maraqlıdır ki, koronavirusla bağlı ən ağır vəziyyət fövqəldövlət olan ABŞ-da, öz səhiyyə sistemi ilə öyünən Avropada müşahidə olunur. Dünya üzrə yoluxmaların və ölüm hallarının böyük əksəriyyəti “varlı” Qərbin payına düşür.

Ötən müddətdə gördük ki, hər bir dövlətin pandemiyaya qarşı öz mübarizə taktikası, öz yanaşması var. Kim harada səhvə yol verdi, yaxud düzgün addım atdı, kim tədbir görməkdə gecikdi yaxud vaxtında lazımı qərarlar qəbul etdi. Artıq bu sualların cavabı nəticələrdə öz əksini tapır.

Pandemiyanın ilk günlərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dediyi sözləri xatırlamaq yerinə düşər: “Səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər”. Doğrudan da inkişaf etmiş bəzi ölkələrdə xəstəxanalar dolub-daşdı, səhiyyə sistemi çökdü. Hətta bəzi ölkələr xəstələr arasında seçim etmək məcburiyyətində qaldı.

Azərbaycan hökumətinin pandemiyanın başlanğıcında və sonradan atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət Prezidentin tam nəzarətindədir. Dövlət başçısı hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilirdi.

Bəzi məqamlara diqqət yetirək. Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları elə ilk vaxtlarda yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. “Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”, - deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən virusun yayılmasının minimuma endirilməsinə hədəflənmişdi. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu. İkinci mühüm addım kimi, 13 modul tipli xəstəxananın istifadəyə verilməsini qeyd etmək lazımdı. Ölkə səhiyyəsi, o cümlədən tibb işçiləri çətin sınaqdan çıxmaq iqtidarında olduqlarını nümayiş etdirdi.

Çevik reaksiya və vaxtında atılan düzgün addımlar

COVID-19 pandemiyasının yayılmasına qarşı yönələn məhdudiyyət tədbirlərinin təhlili göstərir ki, bu sahədə çevik reaksiya və vaxtında atılan operativ addımlar mühüm rol oynayıb. Gəlin, xatırlayaq. 2020-ci il yanvarın 29-da Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri belə bir bəyanatla çıxış etdi: “Bütün dünya hazır olmalıdır. Bütün dünya hərəkətə keçməlidir və episentrdən və ya digər mərkəzdən meydana çıxacaq vəziyyətə cavab verməlidir”.

O vaxt virus yenicə yayılmağa başlamış, pandemiya elan olunmamışdı. Lakin bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda xalqı yaxınlaşan təhlükədən necə qorumaq barədə planlar cızılır, Prezident İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülürdü. Məsələn, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün 2020-ci il fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldı.

Həmin vaxtlar virusun yayılmasının geniş vüsət aldığı İranla, daha sonra isə qonşu Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlandı. Azərbaycan məktəbləri, sərhədləri bağlayan ilk ölkələrdən biri oldu.

Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edildi. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırıldı.

Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu, tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr istehsal edən müəssisələr yaradıldı.

Pandemiya ilə mübarizə işinin təşkilində peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı mümkün dərəcədə alındı.

Pandemiya bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır

Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Bu, pandemiya dövründə atılan sosialyönümlü addımlarla, əhalinin geniş təbəqələrini əhatə edən yardımlarla, sahibkarlara dəstək proqramları ilə bir daha öz təsdiqini tapdı.

Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Pandemiyanın ilk günlərində Prezident xalqa müraciət edərək deyirdi: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”. Bu çağırış ölkə əhalisi arasında bir şüara çevrildi. Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaratdı.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən dəyəri 3 milyard manat olan sosial-iqtisadi dəstək paketi qəbul olundu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara həmin ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə verdi. 2020-ci ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olundu.

ÜST: Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Ölkəmizdə pandemiya ilə əlaqədar 48 xəstəxana yaradılıb, onlardan 13-ü yeni inşa olunmuş modul tipli xəstəxanalardır. Çarpayı fondu 1700-dən 12000-nə, intensiv terapiyada isə çarpayı fondu 155-dən 850-yə çatdırılıb. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində son bir ildə ölkəmizə 4500-dən çox müasir tibbi cihaz və avadanlıq gətirilib. Onların sırasında 600 süni tənəffüs aparatları, 16 kompüter tomoqrafiya aparatı, 10 müasir EKMO cihazları var. Bütün bunlar ölkəmizdə pandemiyaya qarşı genişmiqyaslı tədbirlərin keçirilməsinə imkan yaradıb. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib: “Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər”.

Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb. Bu mərkəzdə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilir.

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərir. Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələrin ÜST tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini, dünya üçün vacibliyini bir daha təsdiq edir. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.

ÜST pandemiyaya qarşı mübarizədə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edir, bu mübarizənin “Azərbaycan modeli” haqqında danışır. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” Azərbaycan vətəndaşları arasında apardığı sorğunun nəticələrinə əsasən vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada dördüncü yerdədir.

Pandemiyaya qarşı mübarizədə Prezident İlham Əliyevin qlobal təşəbbüsləri

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, həmin ilin may ayında Qoşulmama Hərəkatının Zirvə toplantılarının, eləcə də dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının təşkili, Ümumdünya Səhiyyə Təşkilatına etdiyi ianələr Azərbaycanın qlobal əhəmiyyətli problemlərin həllində üzərinə məsuliyyət götürməyə hazır olan güclü dövlət olduğunu təsdiqlədi. Bu təşəbbüslər ölkəmizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirdi.

Peyvəndlərin ədalətli bölgüsü bu gün müzakirə predmetinə çevrilən çox vacib məsələdir. Ümumdünya Sağlamlıq Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev videomüraciətində bu məsələni bir daha xüsusi olaraq vurğulayaraq deyib ki, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması dərin narahatlıq doğurur, bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir.

Bu barədə danışan dövlətimizin başçısı deyib: “Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.

Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Aprelin 1-də ÜST Baş direktorunun təşəbbüsü ilə Prezident İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında keçirilən görüşdə də bu məsələlər diqqət mərkəzində olub. Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd edib.

Azərbaycan vaksinlərin ədalətli bölgüsünün tərəfdarıdır

Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biridir.

Prezident İlham Əliyev öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşir. Vaksinlərin ədalətli bölgüsü ilə əlaqədar səylərin davamı olaraq ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb və 2021-ci il martın 23-də qəbul edilib. Bundan bir qədər əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında da Prezident İlham Əliyev vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini qətiyyətlə pisləyib.

“Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”. Fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dediyi bu fikirlər Azərbaycanın vaksinlərin ədalətli bölgüsü məsələsində prinsipial mövqeyinin daha bir təsdiqi ola bilər.

Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya prosesinə start verib

Koronavirusa qarşı mübarizə tədbirlərindən biri də ölkəmizə vaksinlərin gətirilməsi və müxtəlif yaş qrupları arasında mərhələlərlə peyvəndləmə aparılmasıdır. Azərbaycanda yanvarın 18-də “2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası” çərçivəsində başlanılan vaksinasiya prosesi uğurla davam edir.

Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verib. Biz yerləşdiyimiz bölgədə də birincilər sırasındayıq. Bu pandemiyanın ilk günlərindən işlərin düzgün qurulmasının, bütün lazımi addımların atılmasının, beynəlxalq təşkilatlarla müvafiq əməkdaşlığın nəticəsidir. Azərbaycan ÜST-nin COVAX təşəbbüsünün üzvüdür və bu yaxınlarda COVAX platforması vasitəsilə ölkəmizə “AstraZeneca” tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib və daha 432 min doza vaksinin gətirilməsi nəzərdə tutulur. Eyni zamanda, bir neçə şirkətlə də vaksin tədarükü ilə bağlı müqavilələr imzalanıb. Ümumilikdə, indiyədək ölkəmiz artıq 4 milyon dozaya yaxın vaksin əldə edib. Hazırda Azərbaycanda gün ərzində orta hesabla təxminən 30-35 min peyvəndləmə aparılır.

Avqust ayına qədər Azərbaycan 16 milyon peyvənd gətiriləcək ki, bu da əhalinin əksər hissəsinin vaksinasiya edilməsinə imkan yaradacaq. Mütəxəssislərin fikrincə kollektiv immunitetin yaranması üçün ölkə əhalisinin 60-70 faizi peyvənd olunmalıdır. Göründüyü kimi, Azərbaycan bu hədəfə çatmağa çox yaxındır.

Aprelin 18-nə olan məlumata görə, indiyədək ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 448 min 145 nəfərdir.

X X X

COVID-19 ilə mübarizənin effekti qonşu ölkələrlə müqayisədə daha aydın görünür. Belə ki, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 2,8 min yoluxma düşdüyü halda, Rusiyada bu göstərici 3,2 min, Gürcüstanda 7,3 min, Ermənistanda 6,9 min, Türkiyədə 4,8 mindir. Ölüm faktlarına gəlincə, Azərbaycanda əhalinin hər milyon nəfəri nisbətində təxminən 410 insan həyatını itirib. Ermənistanda isə bundan üç dəfə çox – 1300-ə yaxın ölüm faktı qeydə alınıb. Yaxud Gürcüstanda həmin rəqəm 980, İranda 770, Rusiyada 715, Türkiyədə 410 nəfər təşkil edir.

Pandemiyanın başlanğıcından ötən 400 gün ərzində sanitar-epidemioloji vəziyyətdən asılı olaraq ölkəmizdə məhdudlaşdırıcı tədbirlər sərtləşdirilib, yaxud yumşaldılıb. Bütün hallarda yürüdülən məqsədyönlü dövlət siyasəti və vətəndaşların karantin məhdudiyyətlərinə anlaşıqlı yanaşması nəticəsində Azərbaycanda koronavirusla bağlı vəziyyəti bütün bu müddət ərzində nəzarətdə saxlamaq mümkün olub.

Pandemiya davam edir və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin ötən 400 günün təcrübəsi belə deməyə əsas verir ki, Azərbaycan qlobal sınaqdan bundan sonra da minimum itkilərlə çıxa biləcək.