Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək.....

Aprelin 14-də Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

<Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək.....

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Cəmşid Naxçıvanski adına hərbi liseyin ölkədə ordu quruculuğu işində təqdirəlayiq fəaliyyəti nəzərə alınaraq Müdafiə Nazirliyinə Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Sənəddə qeyd olunur ki, Cəmşid Naxçıvanski adına hərbi lisey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərib, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynayıb. Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alıblar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır.