Çinarları qırılan, sərvəti talan olunan Zəngilan.....

qh. rməni vandallar törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlar

 ermənistanla sərhəddə yerləşən Zəngilan rayonu 1930-cu il avqustun 30-da yaradılıb. Bir şəhər, 5 qəsəbə və 79 kəndin daxil olduğu rayonun ümumi ərazisi 730 kvadratkilometr, əhalisi 45 min 291 nəfərdir. 1993-cü il oktyabrın 29-da ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan rayon ötən il oktyabrın 20-də Rəşadətli Ordumuz tərəfindən düşmən işğalından azad edilib. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalları rayonun təbiətinə ciddi ziyan vurub, dəhşətli ekoloji terror tərədiblər.

<Çinarları qırılan, sərvəti talan olunan Zəngilan.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngilan rayonuna təşkil etdiyi mediaturda iştirak edən AZƏRTAC-ın müxbiri səfər təəssüratlarını qələmə alıb.

Zəngilan meşələrinə qarşı törədilən amansız terror

İşğal dövrünədək rayonda mövcud 13 min 485 hektar meşə fondu torpağının 11 min 690 hektarı meşə ilə örtülü olub. Peyk təsvirinə əsasən işğal dövründə 5459 hektar meşə sahəsinin məhv edildiyi məlum olub. Şəhərin girişində terras üsulu ilə salınmış 33 hektar meşə sahəsi məhv edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin verdiyi məlumata görə, işğala qədər Qarabağ ərazisində 228 min hektara qədər meşə sahəsi olsa da, onun 54 min hektarı məhv edilib: “Bu, ilkin araşdırmaların, peyk görüntülərinin nəticəsidir. Lakin monitorinqlər davam etdikcə vurulan zərərin daha böyük ölçüdə olduğu aşkar olur. Bunlar hələ meşə fonduna daxil olan ərazilər barədə olan statistikadır. Həmin ərazilərdə qeyri-meşə fonduna daxil olan yaşıllıq sahələri də olub. İşğaldan azad edilmiş ərazilərə dəymiş ziyanın hesablanması ilə əlaqədar müvafiq işlər aparılır".

Nazir müavini onu da bildirib ki, Azərbaycan ekologiya ilə əlaqədar 20-yə yaxın beynəlxalq konvensiyanın tamhüquqlu üzvüdür: “Həmin konvensiyaların mütəxəssisləri də bizimlə birgə monitorinqlərdə iştirak edəcək və vandalların törətdiyi ekoloji terrorun nəticəsini görəcəklər. Təbiətimizə vurulan ziyan təkcə meşələrlə bitmir. Burada qiymətli yeraltı və yerüstü yataqlar, termal-mineral su mənbələri var. Ölkəmizin faydalı filiz yataqları, mineral-termal su mənbələri, hər hansı təbii sərvətlə bağlı olan xəritələrinə baxdıqda ən zəngin bölgənin işğaldan azad edilmiş ərazilər olduğunu görərik. Termal-mineral su mənbələrinin 40 faizi Zəngilanda formalaşıb. İşğalçılar ölkəmizin təbii sərvətləri ilə də çox qəddarlıqla davranıblar. Bir santimetr humus qatının formalaşması üçün ən azı 300 il vaxt lazımdır. Terrorçular torpağın üst münbit qatını daşıyıb özləri ilə aparıblar. Onlar bizim faydalı filiz yataqlarını da istismar ediblər. Quldurlar 100 min hektardan çox ərazidə yanğınlar törədiblər, yanğın nəticəsində fauna, flora və biomüxtəlifliyə çox böyük ziyan dəyib. Həmin bölgədəki meşələr bonitet nöqteyi-nəzərdən çox qiymətlidir. Əlbəttə, müvafiq araşdırma və monitorinq işləri aparılandan, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılandan sonra onlar törətdikləri ekoloji terrora görə cavab verməli olacaqlar”.

erməni vəhşiliyinin izləri

Rayonun ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğu ulu öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü il iyulun 4-də yaradılıb. Qoruq unikal landşaftı və ekosisteminə görə fərqlənir, “Qırmızı kitab”a düşən nadir Şərq çinarlarının yayıldığı ən böyük areal kimi tanınır. Qoruğun yaradılmasında əsas məqsəd də məhz "Xan çinar”larının, yəni Şərq çinarlarının qorunmasından ibarət idi. İşğaldan əvvəl 107 hektar ərazini əhatə edən qoruq ərazisinin 100 hektara qədəri Şərq çinarları, qalan hissəsi qarışıq meşəlik idi. Buradakı ağacların orta yaşı 150-dən 200-ə qədər idi. Hətta yaşı 1200-1500 ilə qədər olan Şərq çinarları var idi. Peyk təsvirləri göstərir ki, işğal altında qaldığı dövrdə qoruğun 42,8 hektar meşə sahəsi məhv edilib. Qəddar düşmən əli nadir çinarların da ömrünə qıyıb, qədim Şərq çinarları kəsilib, yandırılıb, məhv edilib.

Rayonda yerləşən digər xüsusi mühafizə olunan təbiət ərazisi olan Arazboyu Dövlət Təbiət Yasaqlığı isə unikal Tuqay meşələrinin qorunması məqsədilə yaradılıb. Onun yaradılması Zəngilanın işğalından bir neçə ay əvvələ təsadüf edib. Sahəsi 2200 hektar olan Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisində müxtəlif fauna növləri qonur ayı, çöl donuzu, adi turac, yaşılbaş ördək, məzar qartalı, kürən yağ, keçəl qarakərkəs, qara çalağan, səsyamsılayan qırğı, adi qırqovul, kəklik və bildirçin yayılıb. Demək olar ki, hazırda yasaqlıqda unikal Tuqay meşələrindən əsər-əlamət yoxdur. Yasaqlıqdakı 1565 hektar meşəlik sahə demək olar ki, məhv edilib. Çünki işğal müddətində Araz çayının məcrası dəyişdirilib və Tuqay meşələri suyun altında qalaraq məhv olub".

1982-ci ildə rayon ərazisində iridiametrli və çoxillik 6 qiymətli ağac (3 dağdağan, 2 şərq çinarı, 1 palıd) və sahəsi 10 min hektar olan qiymətli Araz palıdı meşə sahəsi təbiət abidəsi kimi qeydə alınıb. İşğal dövründə qiymətli ağaclardan 4-ü (2 şərq çinarı, 2 dağdağan) və qiymətli Araz palıdı meşə sahəsinin 287,5 hektarı erməni vandallığının qurbanı olub.

İstismar edilən faydalı qazıntı yataqları

Rayonda qeydiyyata alınmış 11 faydalı qazıntı yatağı – 1 qızıl-kvars-porfir, 8 qeyri-filiz və tikinti materialı, 2 yeraltı şirin su yatağı mövcud olub. İşğala qədər bu yataqların heç biri istismara cəlb edilməyib. ermənistan işğalı dövründə “Vejnəli” qızıl-kvars-porfir, “Zəngilan” əhəng xammalı, “Şərifan” qum-çınqıl, “Xaçınçay dərəsi” və “Həkəriçay dərəsi” yeraltı şirin su yataqları istismar edilib. Talanan yataqlardan biri olan və ümumi ehtiyatı 6 milyon 618 min kubmetr təşkil edən “Oxçuçay” mərmərləşmiş üzlük daşı yatağında işğalaqədərki dövrdə istismar işləri aparılmayıb. İşğal dövründə aparılan istismar miqdarının müəyyənləşdirilməsi üçün isə ərazinin minalardan təmizlənməsi və geoloji təftiş işlərinə ehtiyac var.

Çirkləndirilən çaylar

Rayon ərazisindən Oxçuçay, Həkəriçay və Bəsitçay çayları keçir. Başlanğıcını ermənistan ərazisindən götürən Bəsitçayın uzunluğu 44 kilometr, sutoplayıcı sahəsi 354 kvadratkilometrdir. Çay Ermənistan ərazisində çirklənməyə məruz qalır.

Başlanğıcını Kiçik Qafqazın Mıxtökən silsiləsindən götürən Həkəriçayın uzunluğu 113, sutoplayıcı sahəsi 1180 kvadratkilometrdir.

Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Bu çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması həmin çayda ağır metalların normadan dəfələrlə çox qeydə alınmasına gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylardan daha çoxdur. Həmin çaylarda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Eyni zamanda, martın əvvəllərində çayın çox ciddi çirklənməsi qeydə alınıb. Həmin günlərdə aparılan monitorinqlər zamanı çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması müşahidə olunub.

İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış evləri, məhv edilmiş meşəlikləri, çirkləndirilən çayları gördükcə erməni terrorçuların canlı, cansız nə varsa – daşa, ağaca, torpağa, meşəyə, çaya da düşmən münasibət bəslədiyini, ümumiyyətlə bəşəri qatil olduğunu əminliklə demək olar. Ümid edək ki, dünya ekoloqları, təbiətsevərləri, beynəlxalq təşkilatlar işğal altında olmuş Qarabağda törədilən vandalizm aktlarına sərt mövqe bildirəcək və təbiətimizə qarşı vəhşiliklərin cəzasız qalmaması üçün lazımi tədbirlər görüləcək.