“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində müsabiqə elan olunub.....

“Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini, rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı insanlara aşılamaq məqsədilə “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində müsabiqə elan olunub.

<“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində müsabiqə elan olunub.....

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi, əlaqə nömrəsini qeyd etməklə Bakı Xətai Sənət Mərkəzinin “Facebook” səhifəsindəki qrupda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) mayın 2-dək onlayn qaydada yerləşdirməlidirlər.

Seçim 3 yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaşarası) üzrə keçiriləcək və hər 3 yaş kateqoriyası üzrə ayrıca sərgi təşkil ediləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Müsabiqənin elanından öncə işlənmiş əsərlər qəbul olunmayacaq. Müsabiqə seçimlərindən narazı olan (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] e-mail ünvanına müraciət edə, tədbir haqda sualları olarsa, 0513107401 “WhatsApp” nömrəsinə yazaraq cavab ala bilər.

İştirakçı Təşkilat komitəsinin təyin etdiyi müəyyən bir zamanda Xətai Sənət Mərkəzinə gələrək, münsiflər heyəti üzvünün nəzarəti ilə canlı rəsm çəkməklə özünü təsdiq edə bilər. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə 10 nəfər olmaqla, ümumilikdə sərgilərdən seçilən 30 əsərin müəllifi festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.

Tədbir COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcək.