Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub.....

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai informasiya departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Çin dili gününə həsr olunmuş vebinar keçirilib.

<Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub.....

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, vebinarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

R.Abbasov Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i xatırladıb. Qeyd edib ki, bu sənəd hər iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsini təşviq edir, ali məktəblər arasında birbaşa əməkdaşlığın yaradılmasını dəstəkləyir. O, həmçinin ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

Rafiq Abbasov Müasir Çin dilli dünyasından söz açaraq, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.

Vebinarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Əfsanə Mirsalayeva Çin dili tarixindən, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıb. O, həmçinin ADU-da Çin dilinin tədrisinin perspektivləri haqqında, Çin və Azərbaycan arasında diplomatik əlaqələrin 29-cu ildönümü münasibətilə Çin Xalq Respublikasının ölkəmizdə səfiri Qo Minin ADU-nin Elmi kitabxanasına Çin tarixi və mədəniyyətinə dair kitablar hədiyyə etməsi barədə məlumat verib.