Avropa Birliyi böhrandan qurtulacaqmı?

Dünya iqtisadiyyatında 2007-ci ilin ortalarından başlayaraq, 2008-ci ildə özünü kəskin şəkildə büruzə verən iqtisadi böhran bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına ciddi zərər vurdu. İqtisadi böhranın yaranmasının ilk əlamətləri ABŞ-da meydana gəldi. Bəs böhran necə başladı?

Avropa Birliyi böhrandan qurtulacaqmı?
Dos.Dr. Aqil Eyvazov

Avropa Birliyi böhrandan qurtulacaqmı?

2001-ci ilin sonlarından ABŞ iqtisadiyyatını canlandırmaq üçün sürətlə aşağı salınan bank faizləri (2001-2004-cü illər) kreditlərə tələbatı artırdı. Artan kredit məbləğləri daşınmaz əmlakın qiymətlərini yüksəltdi və yüksələn qiymətlər bank müştəriləri üçün yeni kreditlər almaq imkanı yaratdı. 2002-ci ildə inşaat sektorunu gücləndirmək və aztəminatlı vətəndaşların ev almasını asanlaşdırmaq məqdəsilə bir çox yeni tədbirlər həyata keçirildi. "NİNCA (No İncome, No Job, No Asset) kreditlər"in (gəlir, iş və əmlakı olmayan kimi tərcümə edilir) dövriyyəsi sürətlə artdı. Girov qoyularaq ipoteka krediti alınan daşınmaz əmlaka ikinci və hətta üçüncü dəfə ipoteka krediti əldə etmək mümkün oldu. Yəni kreditlə ev alanlar daşınmaz əmlakın qiymətinin artması nəticəsində bu evlərin artan qiymətini təminat kimi göstərərək digər xərclərini ödəmək məqsədilə yeni kreditlər aldılar.

Banklar daha çox kredit verə bilmək üçün mövcud kredit alacaqlarını sataraq, daha doğrusu, müştərilər tərəfindən təminat göstərilmiş əmlakın artan qiymətlərinin qarşılığında bazara istiqraz vərəqəsi çıxararaq yeni mənbələr əldə etdilər və bunlarla da yeni kredit xətləri açdılar. Həmin vaxt paralel olaraq OPEC-in səyləri ilə neftin qiyməti də artırdı (2008-ci ilin iyulunda 1 barrel neftin qiyməti 147 dollara yüksəlmişdi). Bu da öz əksini digər malların maya dəyərinin artmasında və əsas tələbat mallarının qiymətlərinin yüksəlməsində tapdı. Nəticədə əhalinin xərcləri artmağa başladı, hətta gəlirlər və xərclər arasında ciddi kəsir meydana gəldi.

Lakin süni artırılmış əmlakın qiymətləri tədricən düşməyə başladı, iqtisadiyyatda natarazlıq ciddi şəkildə özünü biruzə verdi, əhalinin gəlirləri və xərcləri arasında uyğunsuzluq alınmış ipoteka kreditlərinin ödənilməsini kifayət qədər çətinləşdirdi. Banklar kreditləri ödəyə bilməyənlərdən əmlakı geri alıb satışa çıxardılar və daşınmaz əmlak sahəsində qiymətlər daha da ucuzlaşmağa başladı. Bütün bunlar və həmçinin maliyyə sektorunda spekulyativ əməliyyatlar, natarazlıqlar bankların maliyyə fəaliyyətinə ciddi zərbə vurdu və bir-biri ilə əlaqəli bankları iflas səviyyəsinə gətirib çıxardı.

ABŞ-da başlamış maliyyə böhranı qlobal xarakter alaraq digər ölkələrə də yayılmağa başladı. Bu böhran ən böyük bankların yerləşdiyi Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarına daha çox təsir etdi. Həm ABŞ, həm də AB ölkələri böhrandan çıxmaq üçün müxtəlif proqramlar və tədbirlər paketi qəbul etdilər, lakin problemin həllinə nail ola bilmədilər. Maliyyə böhranı ABŞ-da və əksər Avropa ölkələrində bir çox iri sənaye sahələrində istehsal tempinin kəskin aşağı düşməsi, gəlirlərin azalması, eyni zamanda, işsizliyin artması ilə müşahidə olunur. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə hazırda dünyada 210 milyondan çox işsiz var və növbəti illərdə bu rəqəmin 400 milyonu keçəcəyi gözlənilir.

Lakin hazırda AB-nin yaşadığı böhranı sadəcə ABŞ-da baş vermiş iqtisadi böhranın nəticəsi kimi xarakterizə etmək də düzgün deyildir. Avropalılar tarixdə tayı və oxşarı olmamış bir birlik qurmaq üçün yola çıxdılar, indi isə keçilməsi bəlkə də mümkün olmayan bir divara dirəndilər. Əslində XX əsrdə ən uğurlu inteqrasiya birliyi nümunəsi olan AB-nin bu qlobal böhranda düşdüyü vəziyyətin gələcəkdə iqtisadçılar tərəfindən ciddi araşdırılmasına ehtiyac vardır.

AB-də baş verən bu böhranın əsas səbəbləri nədir? Biz bu məqalədə böhranla bağlı ümumi vəziyyəti və səbəbləri izah etməyi qarşıya məqsəd qoyduğumuz üçün əsas təsbitləri nəzərə çatdırmaq istərdik.

AB-nin birləşmə mövzusunda atdığı ən önəmli, lakin önəmli olduğu qədər də ən yanlış addımlardan biri pul vahidi olaraq avroya keçmək oldu (Fransada fransız frankından avroya keçid günü olan 17 fevral tarixini fransızlar "talehsiz və qara gün" elan ediblər). Bir çox avropalı siyasətçilərə görə burada əsl məqsəd ABŞ kimi "Federal Avropa Dövləti"nin qurulması idi, yəni onlar bu addımı "federasiyaya arxa qapıdan girmək" kimi qiymətləndirirdilər. Bunu o zaman açıq etiraf etmək mümkün deyildi, çünki bu fikrin əleyhinə olanlar da var idi. Avroya keçid ona görə səhv addım kimi qəbul edilir ki, ayrı-ayrı iqtisadi strukturlara və inkişafa malik olan iqtisadiyyatlarda eyni pul vahidinin olması iqtisadi qanunlara ziddir. O zaman bunu görən bir çox Avropa dövlətləri düzgün edərək vahid pul birliyinə qatılmadılar.İngilis iqtisadçısı Bernard Konolli "Avropanın çürümüş ürəyi" kitabında belə yazır: "Avropa pul birliyini ortaya atanların əsl məqsədi Avropada bir maliyyə böhranı yaratmaqdır. Belə bir böhran qarşısında seçimsiz qalacaq kiçik ölkələr qarşılarına qoyulacaq anlaşmaları çarəsiz imzalayaraq bir-bir Almaniya və Fransanın müstəmləkəsinə çevriləcəklər". Artıq məşhur iqtisadçılar da AB-nin üzvü olan bir çox dövlətlərin böhrandan qurtulmasının yolunu avrozonadan çıxmaqda görürlər.

ABŞ-ın iqtisadi araşdırmalar üzrə Milli Bürosunun əməkdaşı, Kolumbiya Universitetinin professoru Çarlz Kalomiris "Foreign Policy" nəşrində dərc olunmuş məqaləsində yazır: "Böhran avrozonanın gələcəyinin çətin olduğunu aydınlaşdırdı, Avropa Birliyinin rəhbərləri vəziyyəti nəzarətdə saxlamağa çalışsalar da, çox güman ki, qarşıdakı 1-2 ildə bir neçə ölkə avrodan imtina edəcək". Professor avronun süqutunu sadə hesablamalarla əsaslandırır: "Dövlət borcu - ÜDM əmsalının elə bir həddi var ki, ona çatanda ölkə borclarını və onlara hesablanan faizləri ödəmək üçün lazımi qədər vergi yığa bilmir". Nobel mükafatı laureatı iqtisadçı alim Cozef Stiqliç də eyni fikirləri paylaşır. Hətta vaxtilə qlobal iqtisadi böhranı proqnozlaşdıran Nyu-York Universitetinin iqtisadçısı Nuriel Rubininin fikrincə, İspaniya və Yunanıstandakı iqtisadi problemlər nəticəsində Avropa valyutası yaxın iki ildə əhəmiyyətini tamamilə itirə bilər. Hazırda bu ölkələrin iqtisadiyyatları maliyyə sahəsindəki vəziyyətdən, istehsal etdikləri məhsul və xidmətlərin rəqabətliyinin aşağı düşməsindən əziyyət çəkirlər.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstanda başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının "zəif bəndi" sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 milyard avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. AB-nin rəsmi statistika orqanı olan Eurostat agentliyinin məlumatına görə, hazırda AB 30 trilyon dollar xarici borca və 572 milyard avro büdcə kəsirinə malikdir. AB üzvü ölkələrinin dövlət borclarının həcmi isə ÜDM-in 80 faizinə çatmışdır. AB-nin son zirvə görüşündə büdcə kəsirinin 286 milyard avro hissəsini həll edə bilmək üçün "kəmər sıxma" paketinin üzərində dayanılıb. Bu təklif AB-nin yükünü çəkən Almaniya və Fransadan gəldi. Böhrandan çıxmaq üçün ciddi büdcə intizamına əməl olunması və ağır embarqoların tətbiq olunacağı "Maliyyə anlaşması" təklif edilib. Bu anlaşma ciddi büdcə qaydaları ilə "kəmər sıxma" proqramlarında birlik hədəflərinə nail olmağı qarşıya məqsəd qoyub.

Bu sənədə görə, avrozonada büdcə kəsiri ÜDM-in 3 faizini keçən ölkələr "avtomatik embarqolara" məruz qalacaq. Qeyd edək ki, ötən il avrozonanın və AB-nin dövlət büdcəsinin kəsiri müvafiq olaraq 6 faizə və 6,4 faizə bərabər olmuşdur. AB ölkələri arasında ən böyük büdcə kəsiri İrlandiyada qeydə alınıb - ÜDM-in 32,4 faizi həcmində. Sonrakı yerlərdə Yunanıstan (10,5 faiz), Böyük Britaniya (10,4 faiz), İspaniya (9,2 faiz) və Portuqaliya (9,1 faiz) gəlir. Bu anlaşmanın qəbul edilməsi ilə hədəfdə "Maliyyə birliyi"nin də yaradılması var idi. Lakin pul birliyinə qoşulmayan İngiltərə bu birlikdən də imtina edərək dolayısı ilə siyasi birliyə də "yox" demiş oldu. Birlik çərçivəsində həyata keçirilən tədbirlərə nəzər saldıqda görürük ki, böhranı yaradan səbəblər aradan qaldırılmır, sadəcə "maskalanır". Çünki bu tədbirlər problemləri həll etmir, əksinə vəziyyət getdikcə daha da mürəkkəbləşir. Məsələn, problemlərin həm iqtisadi, sosial və həm də siyasi müstəvidə ən kəskin xarakter aldığı Yunanıstanda vəziyyətdən çıxmaq üçün qəbul edilən proqramlar demək olar ki, heç bir effekt vermədi.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yunanıstandakı missiyasının rəhbəri Pol Tomsen bildirmişdir: "Mənə elə gəlir ki, 2011-ci ildə biz antiböhran proqramının vergilərin artırılması kimi potensialını xərcləyib qurtardıq. Bundan sonrakı addımları büdcənin xərclər maddələri üzərində təmərküzləşdirmək lazımdır". Pol Tomsenin fikrincə, vergilərin artırılmasına baxmayaraq, Yunanıstanın struktur islahatları proqramı özünü doğrultmamışdır. Bu gün Yunanıstan həqiqətən AB-yə ciddi yük olmuşdur. Belə "ağır yüklər"in arxası isə gəlməkdədir. Ekspertlər bildirir ki, Avropada iqtisadi böhran ilin sonuna kimi və hətta 2013-cü ildə də müşahidə olunacaq.

Bu gün Avropa liderləri artıq həyəcan təbili çalırlar. Almaniya kansleri Angela Merkel demişdir: "Borc böhranını bir an içində adlamaq mümkün deyil. Bu gün aydındır ki, mövqelərimizi bərpa etmək üçün bizə 10 illər lazım gələcək. Çünki bu borclar on illərdir yığılır. Əgər Avropada işlər yaxşı getmirsə, deməli, Almaniyada da vəziyyət yaxşı deyil".

Böhran Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardı da narahat etməyə başlayıb: "Dünya dövlətləri aralarındakı fikir ayrılığını aradan qaldırıb işbirliyinə başlamasalar, yaxın gələcəkdə ciddi depressiya dövrünə daxil ola bilərik. Dünya iqtisadiyyatının inkişaf perspektivi ürəkaçan deyil. Proqnozlar olduqca bədbindir. Belə bir vəziyyət 1930-cu illərdə yaşanmışdı. Biz bunun təkrarlanmasını istəmirik. Heç bir dövlət iqtisadi vəziyyətindən asılı olmayaraq böhrandan sığortalanmayıb. Çünki böhran nəinki azalır, get-gedə daha da dərinləşir. Onu bir və ya bir neçə ölkənin səyi nəticəsində aradan qaldırmaq mümkün deyil, gərək bütün dövlətlər birlikdə hərəkət etsinlər".

Avropada böhranın tək səbəbi maliyyə problemidirmi? Fikrimizcə, burada iqtisadi sistemin və strukturun rolu da əhəmiyyətli dərəcədə böyükdür. Artıq bir çox iqtisadçı alimlər etiraf edirlər ki, problemlərin kökünü iqtisadi sistemin özündə axtarmaq lazımdır. Çünki dövlətlər tətbiq etdikləri əsas iqtisadi sistemlərdən asılı olaraq iqtisadi birliklər yaradırlar və mübarizə də bu birliklər arasında gedir. Liberalizmi ön plana çıxaran iqtisadi sistem son dövrlərdə dünyada təkbaşına qaldıqdan sonra cəmiyyətin inkişafında yeni bir mərhələ başlamış, qlobal sərmayənin mütləq hakim olduğu dünya nizamı meydana gəlmişdir. Yəni bu gün dünya qlobal sərmayəni əlində cəmləşdirmiş bir qrup azlıq və sadəcə mövcudluğunu qorumaq haqqında düşünmək məcburiyyətində qalan çoxluqdan - kütlədən ibarətdir.

150 ildən artıq mövcud olan kapitalist sistemi müharibələr, iqtisadi cəhətdən borclandırma və hökmetmə yolu ilə davam etməkdədir. İqtisad elmində özünə zidd anlayışları inkar edən, qərb dövlətlərinin nəzarətində olan ölkələrin dövlət iqtisadi siyasətini formalaşdıran və həmin ölkə gənclərinə universitet kitablarında tədris edilən liberal-monetarist anlayışının sözsüz inhisarı mövcuddur. Bu anlayışa uyğun gəlməyən bütün nəzəriyyə və tədqiqatlar, problem və nəticələr elm adamlarının, siyasətçi və tələbələrin diqqətindən uzaqlaşdırılır, əhəmiyyətsiz istisnalar hesab edilir və yaxud da "iqtisadiyyatın" əsas qanununa əlavə kimi qəbul olunur. Bu gün kapitalist sistemi və onun iqtisadi nəzəriyyəsi bir növ dalana dirənmişdir və iqtisadi problemləri həll etməkdə acizdir. Almaniyalı professor Tomas Hartman-Vendels yazır: "Biz bazarın güc və səmərəliliyinə özümüzü çox inandırdıq, sistemli riskləri gözardına vurduq. Bizə böhrandan aldığımız dərsləri nəzəri bir dam altında bütövlüyə qovuşdurmaq qalır".

Əslində iqtisadi sistem davamlı inkişafı, tam məşğulluğu və gəlir bölgüsündə tarazlığı və ədaləti təmin etməlidir. Lakin məlumdur ki, qərb iqtisadi modelləri indiyədək bunu təmin etməmiş, nisbi işsizliyi (4-6 faiz) və gəlir bölgüsündə qeyritarazlığı təbii qarşılamışdır. Bu gün AB-yə daxil olan dövlətlər eyni iqtisadi sistem və qaydalarla idarə olunduğu üçün böhranın acılarını yaşayırlar və bu sistemdə qaldıqları müddətdə bundan qurtulmaq mümkün deyildir. Yəni Günəş girməyən evdə xəstəlik yarandığı kimi, inkişaf etməyən, böyüməyən iqtisadiyyata malik dövlətlərdə də işsizlik, yoxsulluq, narahatlıq və münaqişə olacaqdır. Başqa sözlə desək, böhran, resessiya və sonra depressiya gəlir. Bu sistem ehtiyatlar və gəlirlərin müəyyən qrup təbəqənin əlində toplanmasını təmin edir, gəlir bölgüsündəki tarazlıq pozulur və dövlət bu inhisarlaşmaya maneə olduğu üçün onun güclənməsi və bazarlara nəzarət etməsi mümkün olmur.

Məlumdur ki, əksər Avropa ölkələrinin əhalisi yaşlıdır və sistemin mövcudluğunun və qaydalarının davam etməsi böhranın davamlı olmasını təmin edən amillərdəndir. Qərb iqtisadi modelləri tamamilə istehsalyönümlü olduğundan burada ancaq istehsal edənin qiyməti vardır. İtaliya Parma Universitetinin professoru Francesco Daveri yazır: "Kapitalist sistemində istehsal qabiliyyətini itirən yaşlıların qiyməti yoxdur. Şirkətlər bu insanları bir yük olaraq görür. Avropada bu istiqamətdə nə qədər tədbir görülsə də dəyişməz olaraq qalır. Bəlkə də bu səbəbdəndir ki, böhrandan çıxmaq üçün qəbul olunan proqramlarda, "kəmər sıxma" paketlərində ilk növbədə pensiyaların azaldılması və ya ödənilməməsi nəzərdə tutulur.

Artıq iqtisadçılar və filosoflar arasında kapitalist iqtisadi sisteminin tükəndiyi, bütün insanlığın rifahına xidmət etmədiyi və iqtisadiyyatın idarə olunması üçün yeni modelə ehtiyacın olması barədə fikirlər səslənir. Çünki iqtisadi siyasətlərin məqsəd və məzmununu təşkil edən insanın daha gözəl həyat və rahat yaşamaq haqqı vardır. Gəlirlərin ədalətli bölgüsü iqtisadiyyatda istehlakı artırır və bu artım sosial ədaləti təmin etməklə yanaşı, iqtisadiyyatın davamlı inkişafının da təməlini təşkil edir. AB-də böhrandan çıxmaq üçün həyata keçirilən tədbirlər isə tamamilə istehlakın məhdudlaşdırılmasına yönəldilmişdir ki, bu da birliyin gələcək mövcudluğunu təhlükə altında qoyur.

 

Aqil EYVAZOV, AMEA İqtisadiyyat İnstitutunun "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər" şöbəsinin aparıcı elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent