Aprelin 7-də bəzi bölgələrdə havanın temperaturu 25°-yə yüksələcək.....

Azərbaycanda aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Aprelin 7-də bəzi bölgələrdə havanın temperaturu 25°-yə yüksələcək.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 20-25° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 17-22° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 20-25° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10°, gündüz 17-22° isti, dağlarda gecə 8-10°, gündüz 15-20° isti olacağı gözlənilir.