Aprelin 2-də gözlənilən hava proqnozu.....

Azərbaycanda aprelin 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Aprelin 2-də gözlənilən hava proqnozu.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10°, gündüz 14-19° isti, Bakıda gecə 8-10°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10°, bəzi yerlərdə 13-16° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlığa əsasən, aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq aprelin 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, yüksək dağlıq ərazilərdə 4° şaxta, gündüz 5-10°, bəzi yerlərdə 13-16° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 15-20° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-3°, gündüz 8-13° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 17-22° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 15-20° isti, dağlarda gecə 4-7°, gündüz 10-15° isti olacağı gözlənilir.