Apreldə bəzi yerlərdə havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.....

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq.

<Apreldə bəzi yerlərdə havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.....

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4° yüksəkdir. Gecələr havanın temperaturu 8-13°, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 23-33 millimetr) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Gecələr havanın temperaturunun 8-13°, gündüzlər 15-20°, bəzi günlərdə 24-29° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan az olacağı (norma 34-59 millimetr) bildirilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-11° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Gecələr havanın temperaturunun 3-8° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 18-23° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 54-83 millimetr) ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 14-17° isti olacaq. Bu da iqlim normasına yaxın və 2-4° yüksəkdir. Gecələr havanın temperaturunun 7-12°, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 31-54 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Gecələr havanın temperaturu 8-13° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 12-17°, bəzi günlərdə 22-27° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 29-126 millimetr) gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 14-18° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-4° yüksəkdir. Gecələr havanın temperaturunun 9-14°, gündüzlər 15-20° isti, bəzi günlərdə 25-30° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 30-49 millimetr) proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 11-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Gecələr havanın temperaturunun 8-13°, gündüzlər 13-18° isti, bəzi günlərdə 22-27° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 41-72 millimetr) ehtimalı var.